Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər Vətən müharibəsi qaziləri ilə görüşüb.
Naxçıvan şəhəri “Görüş yeri” kafesində baş tutan görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov və Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva çıxış edərək 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi tarixi Zəfərdən, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından söhbət açıblar. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlər hər birimizdə sonsuz iftixar hissi doğurub. Tez-tez təşkil olunan bu görüşlərin məqsədi də onların göstərdikləri nümunəvi xidmətin unudulmadığını onlara hiss etdirmək və gənclərə örnək olan bu davranışları onlara aşılamaqdır.
Görüşdə çıxış edən Vətən Müharibəsi iştirakçılarından "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş baş leytenant Əkrəm Abbasov da bildirib ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi. Torpaqlarımızın azaldığı uğrunda döyüşən hər bir döyüşçü Vətən və dövlət qarşısında öz vətəndaşlıq borcunu yerinə yetirib. Qazimiz bu yolda xalqımızın dəstəyinin də onlara əlavə güc verdiyini dilə gətirib.
Daha sonra süfrə arxasında səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb. Qaziləri böyük maraq və qürurla dinləyən gənclər onlara öz suallarını da ünvanlayıb.
Söhbətin ardınca Vətən müharibəsi iştirakçlılarına hədiyyələr təqdim olunub. Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə də öz minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə fotosu çəkilib.