Vətən müharibəsi iştirakçılarına və qazilərə medallar təqdim olunub

 

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərancamı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçular müxtəlif medallarla təltif edilib.

       Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində medallar, onların vəsiqələri qazilərə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə təqdim olunub.

       Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Anar Aqilov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda hər bir sahənin inkişafında dövlətimizin diqqət və qayğısı hiss olunur. Ordu quruculuğu sahəsində də mühüm işlər görülür. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində Naxçıvandan olan hərbi qulluqçular da böyük şücaət göstəriblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərən Naxçıvan şəhər sakinləri –  qazi kapitan Seyidov Ağamir Valeh oğlu, qazi baş leytenant Niftəliyev Arif Hüseyn oğlu, qazi baş leytenant Quliyev Ziya Yadigar oğlu, qazi leytenant Zeynalov Şamil Qabil oğlu, qazi çavuş Quliyev Nurlan Oruc oğlu, qazi əsgər Sadıxov Əyyub Elməddin oğlu, qazi əsgər Süleymanov Mövləddin Elman oğlu, Vətən müharibəsi iştirakçıları -  mayor Novruzov Ruslan Murad oğlu, mayor Zamanov Rasim Famil oğlu, baş leytenant Xəlilov Rövşən Sabir oğlu, leytenant Seyidov Mirrza Rüfət oğlu, kiçik gizir Sadıxov Azər Qasım oğlu, kiçik gizir Zeynalov Emil Şahhüseyn oğlu, əsgər Novruzov Şükür Elnur oğlu, əsgər Rzayev Elçin Arzu oğlu, əsgər Süleymanov Mir İsmayıl Etibar oğlu əsgər Şirinov Aydın Cəfər oğlu  “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunublar.

          Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, 44 gün davam edən haqq savaşımızda minlərlə qorxmaz igid oğullarımız dünya hərb tarixinə keçən cəsarət nümayiş etdirərək 30 il erməni tapdağında qalan torpaqlarımızı azad edib, xalqa qələbə müjdəsini yaşatdılar. Şanlı zəfərimizin qazanılmasında naxçıvanlı döyüşçülər də böyük şücaət göstərib canı, qanı  bahasına torpaqlarımızı düşmən işğalından azad ediblər. Şəhidlərimizin və qazilərimizin hər birinin şücaəti, qəhrəmanlığı bu gün də, gələcəkdə də yetişən yeni nəsillərə vətəndaşlıq, vətənpərvərlik nümunəsidir.

         O da vurğulanıb ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, onların sosial müdafiəsi gücləndirilir, mənzil və avtomobillərlə təmin olunurlar.

         Sonra medalların təqdimatı olub.

   Qazi və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.