“Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə "Vətən müharibəsi iştirakçısı" medalının təqdimetmə mərasimi keçirilib.

Əvvəlcə torpaqlarımızın azaldığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov və Şərur Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xəyal Bağırov çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən və bu qələbəni bizə yaşadan qəhrəman Azərbaycan oğullarının  gənclərə nümunə olan vətən sevgisindən danışıblar. Qeyd olunub ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Daha sonra Vətən müharibəsində qəhrəmanlıq göstərmiş  baş leytenant Məmmədov Əmrah İmamverdi oğluna, baş gizir Məmmədov Amil Ədalət oğluna, əsgər Məmiyev Nicat Rəhman oğluna, əsgər Məhərrəmov Cahandar Məhərrəm oğluna, əsgər Məmmədov Seymur Oruc oğluna “Vətən müharibəsi iştirakçısı” medalı təqdim olunub.   

Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.