30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilib.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən əsgər Məmmədzadə Pərviz Zahid oğlu da ölkə başçısının 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bu gün Şəhidin valideyninə Vətənə xidmətə görə təltif olunduğu orden təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis müavini polkovnik-leytenant Sultan Zamanov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov Vətən müharibəsində qazanılan Qələbədən söz açıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulayıblar.
Daha sonra təltif olunduğu orden şəhidin anasına təqdim edilib.
Şəhidin ailə üzvləri onun xatirəsini uca tutduqları üçün minnətdarlıq edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürlərini çatdırıblar.