Vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

Şərur rayonunun Çərçiboğan kəndində kənd sakinləri ilə “Hərbi qeydiyyat  və səfərbərlik qaydaları” və bu qaydaların pozulmasına görə inzibati xətanın meydana gəlməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov çıxış edərək “Fiziki şəxslərin inzibati məsuliyyəti haqqında” məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bildirilib ki, inzibati xəta törədərkən on altı (və daha yuxarı) yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.”

Daha sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarə rəisinin müavini mayor Vilayət Əsədullayev “Səfərbərlik üzrə əsas anlayışlar” və Xidmətin Şərur rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi kapitan Coşqun Hüseynli isə “İlkin hərbi qeydiyyata alınma” haqqında çıxışlar ediblər.

 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və onlara maarifləndirici bukletlər təqdim olunmuşdur.