Aprelin 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Kəngərli rayon İdman Meydançasında yeniyetmə və gənclər arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli rayon bölməsinin zabiti kapitan Abbaslı Abbas tədbiri açaraq qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, vətənpərvərlik hisslərinin aşılanmasında və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Hüseynov Vüsal çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar diləmişdir. Kəngərli Rayon Təhsil Şöbəsinin nümayəndəsi Əsgərov Teymur qonaqları və idmaçıları salamlayaraq Respublikada idmana göstərilən dövlət qayğısından danışmışdır.
Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınmaq növləri üzrə keçirilib.
Yarışda 6 komandanın tərkibində 30 şagird mübarizə aparıb.
Rayon birinciliyinin yekun nəticələrinə əsasən, Xök kənd tam orta məktəbin komandası birinci, Şahtaxtı kənd tam orta məktəbin komandası ikinci, Böyükdüz kənd tam orta məktəbin komandası üçüncü yerlərə layiq görülüblər.
Bundan əlavə 100 metr qaçış üzrə fərqləndiyinə görə Xök kənd tam orta məktəbin şagirdi Mirzəyev Sərxan, 2000 metr kross üzrə fərqləndiyinə görə Şahtaxtı kənd tam orta məktəbin şagirdi Abdullayev Ramal, qumbara atmaq üzrə fərqləndiyinə görə Şahtaxtı kənd tam orta məktəbin şagirdi Seyidov İbrahim, turnikdə dartınmaq üzrə fərqləndiyinə görə isə Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Cavadov Eltun təltif olunublar.
Qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub.