Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Naxçıvan Muxtar Respublikası Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 20 aprel 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasında çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, bədən tərbiyəsi və idmanın gənclər arasında təbliğ edilməsindən ibarətdir.
Yarış Poliatlon beş növçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbara atmaq, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçış üzrə keçirilib.
Yarışda Ordubad rayon Azadkənd tam orta məktəbin komandası I, Şərur rayon Oğlanqala kənd tam orta məktəbin komandası II, Şahbuz rayon Şahbuz şəhər 1 №-li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Qalib komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklarla mükafatlandırılmışdır.
Qeyd edək ki, Ordubad rayon Azadkənd tam orta məktəbin komandası may ayında keçiriləcək Azərbaycan Respublikası birinciliyində Naxçıvan Muxtar Respublikasını təmsil edəcək.