“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir

 Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin əməkdaşı İlham Cəfərov ,Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev  və Təhsil Şöbəsinin əməkdaşı Rüstəm Bağırov çıxış edərək bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd Babək rayonunun bədən tərbiyəsi və idman kollektivlərində, həmçinin qəsəbə və kəndlərində «VMH»  çoxnövçülüyünü  yeniyetmə və gənclər arasında təbliğ etmək, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdir. 

Keçirilən birincilikdə 6 məktəbdən ümumilikdə 30 şagird mübarizə aparmışdır. Poliatlon çoxnövçülüyü proqramı üzrə yarışlar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən I yerə 690 xalla Payız kənd tam orta məktəbin komandası, II yerə 519 xalla Babək şəhır 1 nömrəli tam orta məktəbin komandası, III yerə isə 517 xalla Nehrəm Qəsəbə 2 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür. Qalib komandalara təşkilatçıların kubok və diplomları təqdim olunmuşdur. 

Qeyd edək ki, Payız kənd tam orta məktəbin komandası uğurlu nəticəyə görə Babək rayonunu muxtar respublika birinciliyində təmsil etmək hüququ qazanmışdır.