Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur və Babək Rayon İdarələrində rayon, kənd, qəsəbə tam orta məktəblərində “Gənclərin Çağırışaqədərki Hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərə sıra baxışı keçirilmişdir.
Xidmətin Şərur Rayon İdarəsində keçirilən sıra baxışında İdarənin zabiti leytenant Həmid Tağıyev məktəblərdə tədris olunan,”Gənclərin Çağırışaqədərki Hazırlığı” fənninin önəminə diqqət çəkərək vurğulayıb ki, bu gün məktəblərimizdə şagirdlərə təkcə bilik, savad verilmir, həm də vətənpərvərlik hissi aşılanır. Biz muxtar respublikamızda gənclər arasında ruh yüksəkliyinin, Vətənə məhəbbət hissinin nə qədər güclü olduğunu görürük. Bu özünü xüsusilə hərbi hazırlıq dərsləri keçmiş gənclərdə daha çox biruzə verir.
Şərur rayon Təhsil Şöbəsinin əməkdaşı Arzuman Camalov da çıxışında məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə göstərilən diqqətdən söhbət açıb. Bildirilib ki, Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə şagirdlərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Muxtar respublika ümumtəhsil məktəblərində hərbi kabinələrin yaradılması, hərbi rəhbərlərin tədris prosesinə güclü nəzarət edilməsi şagirdlərin hərbi vətənpərvəlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərmişdir.
Mövzu ətrafında söhbətlər aparılmış, hərbi rəhbərlərə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.
Xidmətin Babək Rayon İdarəsində keçirilən sıra baxışı zamanı İdarənin zabiti kapitan İlham Cəfərov bildirib ki, Azərbaycan vətəndaşının formalaşdırılması, onun bir şəxsiyyət kimi yetişdirilməsinin məsuliyyəti ilk başda ümumtəhsil ocaqlarının üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində ümumtəhsil fənləri əsas vasitələrdən biri olaraq həlledici rol oynayır. Çağırışaqədərki hazırlıq da ümumtəhsil fənlərindən biri kimi bu baxımdan daha çox əhəmiyyət daşıyır. Bu gün məktəblərdə bu fənni tədris edən hərbi rəhbərlər də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclərin yetişdirilməsində böyük pay sahibidir.
Daha sonra mövzu ətrafında fikirlər dinlənilib, hərbi rəhbərlərə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.
Qeyd edək ki, Xidmətin yerli idarə və şöbələrində keçirilən sıra baxışında məqsəd hərbi geyim formalarının daşınması qaydalarına, müvafiq Nizamnamənin tələblərinə əsasən mövsümlərə uyğun olaraq tədbir və cəlb olunduqları təlim toplanışlarına düzgün əməl olunmasıdır.