Vətəndaşların hərbi xidmətə hazırlanması

Çağırışaqədərki hazırlıq - Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.

Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.

Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir.

Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması -    17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verirlər.

Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı - Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir.

Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir.

Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.

Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetini həyata keçirir.