Vətəndaşların ilkin hərbi qeydiyyata alınmasının qaydaları

Vətəndaşlar neçə yaşda ilkin hərbi qeydiyyata alınırlar?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Hansı sənədlər tələb olunur?

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:

-        doğum haqqında şəhadətnamənin surəti;

-        ailə tərkibi haqqında arayış;

-        təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

-        təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

-        tərcümeyi-hal;

-        6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə (İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma) əsasən  ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə - otuz manat məbləğində cərimə edilirlər.